23.02.2017-ci il tarixdə Bakı şəhərində, 25.02.2017-ci il tarixdə Xocalı rayon Mədəniyyət evində mədəniyyət evinin direktoru Orxan Vahidoğlunun ssenarisi ilə hazırlanmış “Qayıdış” səhnəciyi nümayiş olundu.
“Qayıdış” səhnəciyinin sujet xəttini erməni quldurlarının 25 il əvvəl Xocalıda günahsız, dinc sakinlərə etdiyi işgənələrdən sonra vəhşiliklə öldürülməsi və bu hadisələrin kiçik yaşlı şahidinin gələcəkdə zabit olaraq erməni quldur dəstəsinin başçısını törətdiyi əməllərə görə cəzalandırması, Xocalı şəhidlərinin qisasının alması təşkil edir. Səhnəcikdə iştirak edən Xocalı rayon mədəniyyət işçiləri və Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri ermənilər tərəfindən əsir götürülən xocalıların başına gətirilən müsibətləri, Xocalı faciəsinin təəssüratlarını böyük ustalıqla nümayiş etdirə bildilər.
Xocalı rayon İH-nin başçısının müavini, İctiami - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva çıxışında bildirdi ki, 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının “dənizdən dənizə ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Lamiyə Qarayeva soyqırımı zamanı özü də atasını şəhid verib və təsadüf nəticəsində sağ qalıb.
Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Göyüş Həsənov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun tezliklə işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunacağını əminliklə vurğuladı.
Musiqili teatr rejissoru Orxan Vahidoğlunun ssenarisi ilə hazırlanmış “Qayıdış” səhnəciyindən təssirlənən tamaşaçılar çəkilən əziyyəti yüksək qiymətləndirdilər.